Tarix fənninin tədrisində debat ən səmərəli metodlardan biri kimi
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən
sonra bir çox məsələlərdə olduğu kimi tarixdə və tarix fənninin tədrisində olan
meyarlar da dəyişdi. Belə ki, əgər Sovet dövründə tarixi şəxslər, tarixi hadisələr
və proseslərə olan münasibət “mərkəzdə” formalaşdırılaraq geniş ictimaiyyət
üçün hazır və dəyişilməz məhsul kimi ötürülürdüsə, təqdim olunan məhsulu hər kəs kult olaraq qəbul edirdisə, müasir
dövrdə yanaşma tərzi tamam fərqlidir. Buna təsir edən əsas amillər “buxovların”
əvvəlkinə nisbətən xeyli yumşalması və informasiyanın əldə edilməsi üçün daha
çox İKT-nin köməyindən istifadədir. Bu isə şagirdlərin sinfə daha rəngarəng
informasiya ilə gəlməsini təmin edir. Müəllimlərin artıq informasiya və bilikləri
hazır şəkildə ötürməsi şagirdləri qane etmir. Bu isə müəllim haqqında müxtəlif
baxışların yaranmasına gətirib çıxarır. Belə ki, müəllimin peşəkarlığına,
mövzunu şagirdlərə çatdırmasına “kölgə” salır. Ənənəvi tədris bu problemin həllində
gücsüzdür və əksəriyyət vaxtı problemi həll etmir, sadəcə problemin həllini qeyri-müəyyən
vaxta təxirə salır. Lakin şəxsiyyətyönümlü təlim interaktiv təlim metodlarından
istifadə edərək elə şagird tərəfindən problemi həll etmək üçün geniş üfiqlər
açır. Belə metodlardan biri debat metodudur. Sosial-siyasi məsələlərin
və problemlərin həllində debat nə qədər effektivdirsə tarix fənninin tədrisində
də biz eyni effektivliyi qeyd edə bilərik. Məlum olduğu kimi hər hansı
problemin həllində debatdan istifadəyə o vaxt ehtiyac yaranır ki, münasibətdə fərqli
yanaşmalar yaranır. Tarix fənninin tədrisində isə şəxslərə, hadisə və proseslərə
fərqli yanaşmalara hər addımda rast gəlirik. Bu zaman ənənəvi tədrisdə olduğu
kimi problem müəllimin hökmü ilə deyil şagirdlərin analizi, məntiqi və tənqidi yanaşmasının
nəticəsi olaraq həll edilir.
7-ci sinif Azərbaycan tarixindən “Babəkin başçılığı
altında Azərbaycanda azadlıq müharibəsi” mövzusu keçərkən mən aşağıdakı təlim nəticələrinə
nail olmağı qarşıma məqsəd qoymuşdum: ”Babək
və Cavanşiri oxşar və fərqli cəhətlərinə görə təhlil edir, Babək şəxsiyyətini dövr baxımından qiymətləndirir.”
Bu mövzunu keçməklə şagirdlərdə
Babək şəxsiyyətinə, onun Azərbaycanın azadlığı üçün etdiklərinə rəğbət
formalaşdırmağa, hər birində Babəkə oxşama və onun kimi Vətən üçün təmənnasız
xidmət göstərmə düşüncəsi yaranmasını təmin etmək istəyirdim. Lakin şagirdlərimdən
biri söylənilən fikirlərlə razılaşmadı və fikrini belə əsaslandırdı:”Babək ərəblərə
qarşı vuruşurdu, ərəblərin İslam dinini yaymasını nəzərə alsaq onda deməli Babək
elə İslam dininə qarşı idi. Biz bir müsəlman olaraq Babək haqqında müsbət rəy
bildirə bilmərik. Ona azadlıq uğrunda mübarizə aparmış bir xalq qəhrəmanı kimi
deyil, İslama qarşı vuruşmuş bir kafir olaraq baxmaq lazımdır.” Təbii ki,
auditoriyada bu cür mülahizənin səslənməsi təlim nəticələrinə nail olmaqda mənə
mane olurdu və birmənalı şəkildə şagirdi susduraraq bu problemin üstündən də
keçmək olmazdı. Ona görə də mən bu məsələni müzakirə etməyi təklif etdim. Bəbəkin
şəxsiyyəti ilə bağlı sinifdə iki qütblü bir yanaşma vardı. Bu, mənə məsələnin həllində
debatdan istifadə üçün imkan verdi. Şağırdlərə öz mülahizələrini sübut etmək və
bitərəf qalan yoldaşlarını özlərinə inandırmalarına nail olmaq üçün növbəti dərsin
vaxtına kimi hazırlaşmalarını tapşırdım. Növbəti dərsin vaxtına kimi hər iki
fikri müdafiə edən qrupla görüşərək onların mövzu ilə əlaqədar əlavə məlumatları
əldə etməsini təmin edir, onların debata hazırlığı ilə tanış olurdum. Təyin
edilən vaxt debat baş tutdu, hər iki tərəf əsaslı dəlillər göstərməyə və öz
fikrini sübut etməyə çalışırdı. Müzakirənin gedişini şagirdlərin öhdəsinə
buraxsam da aşağıdakı suallarla müzakirənin gedişini yönləndirirdim:
-Ərəblərə qarşı başlayan
bu hərəkatın VII əsrdə deyil, IX əsrdə baş verməsinin əsas səbəbi nə idi?
-Niyə Afşinin təklifini
Babək qəbul etmədi?
-Xürrəmilər hərakatının
Azərbaycanın dövlətçilik tarixinə təsirləri nədən ibarət idi?
Sonda lazım olan nəticələrin
əldə olunmasına nail oldum. Babək haqqında mənfi rəyi olan şagirdlər onun əslində
bir Azadlıq mücahidi olduğunu qəbul etdilər, amma müəllim dediyi üçün yox, bunu
öz yoldaşları onlara sübut etdiyi üçün!
Debat zamanı müəllim tərəfindən
birbaşa müdaxilə, tərəflərdən hər hansı birini dəstəkləmək yolverilməzdir. Əks
halda bu birmənalı olaraq şagirdin şəxsiyyətində öz mənfi izini qoyacaqdır. Şəxsiyyətyönümlüyün
əsas prinsip kimi qəbul edildiyi müasir kurikulumda isə bu biz müəllimlər tərəfindən
buraxılan ən böyük səhv olardı!
Комментарии
Отправить комментарий