İllüziya ilə əhatə olunmuş reallıq

Biz çətin məsələləri həll edirik, eyni zamanda bacarıq əldə edirik və təcrübəmizi daha da artırırıq. Biz irəliləyirik, qalib olanda hədiyyə qazanırıq, məğlub olanda isə hər şeyi yenidən başlayırıq.
Fəaliyyətlə öyrənmək təbii bir prosesdir, özündə öyrənmək-bir həyatdır, öyrənərək səhv etmək bir təcrübədir. Oyun dünyasında hər şey maraqlıdır, bu səbəbdən oyun dünyası uşaqları daha çox cəlb edir. Tədris yönümlü elektron oyunların tədrisə tətbiqi şagirdlərin öyrənmə prosesinə daha fəal cəlb edilməsinə gətirib çıxaracaq. Bu mühitə düşən yaradıcı adam tədris sahəsində mövcud problemləri daha keyfiyyətli həll etmək, suallara cavab tapmaq, verilən tapşırıqları yerinə yetirmək və tədqiqat aparmaq imkanına malik olur. Uşaqlar oyun oynayanda “bu niyə lazımdır?” sualını vermir, qarşılarına çıxan problemləri sadəcə həll etməyə cəhd edirlər. Bu səbəbdən tədrisdə nəzəri materialların praktik elektron oyunlara çevrilməsi öyrənmə prosesinin inkişafı baxımından əhəmiyyətlidir.
Dünya təhsilində bir çox tədris yönümlü oyunlar var. Bunlardan rebuslar, qrafika, kvestlər, trenajorlar, simulyasiyalar, rollu kvestlər, 3D qrafikalı kimi tədris yönümlü oyunlar mövcuddur. Aşağıda bunlardan bir neçəsi haqqında məlumat əldə etmək olar.
1991-ci ildə yaradılmış Sid Meyerin “Sivilization” oyunu strateji oyundur. Oyunun məqsədi imperiya yaratmaqdır. Oyun e.ə. IV minillikdən başlayır və oyunçu yaratdığı imperiyanı əsrlərdən keçirərək müasir dövrə, hətta gələcək kosmik dövrə qədər inkişaf etdirir və böyüdür.
Başqa maraqlı oyun “The Sims Medieval” oyunudur. Oyun şagirdlərə feodal krallığını yaratmaq imkanı verir. Bu oyunda oyunçuların özlərini orta əsrlərdə hiss etmələri üçün hər bir şey yaradılmışdır.
Tarix fənninin tədrisinə yararlı tədris yönümlü oyunlardan danışarkən “Roma Total War” və “Barbarian İnvasion” oyunlarının da adı çəkilməlidir. Hər iki oyun çox canlı, interaktiv və öyrədici xarakterə məxsusdur. Oyuna başlamazdan əvvəl istifadəçiyə seçim verilir. Qədim Romanın elit ailələri, yunanlar, makedoniyalılar, qallar, skiflər, Karfagen, Misir, Parfiya(Roma Total War), Qərbi Roma, Bizans, Hun, Sasani, Frank(Barbarian İnvasion) dövlətlərindən birini seçən istifadəçi oyuna başlayır. Istifadəçi adı çəkilən dövlətlərə aid siyasi, hərbi, dini, mədəni tarixi öyrənməklə yanaşı onları idarə etmək imkanı da əldə etmiş olur.
Adı çəkilən tədris yönümlü oyunlar həm pullu, həm də xarici dildə olduğu üçün Azərbaycan şagirdlərinə bir az istifadədə çətinlik yaradır. Buna görə də tədris yönümlü oyunların Azərbaycan dilində yaradılması günümüzün ən aktual məsələlərindən biridir. 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı qəbul edildikdən sonra bu sahədə bir qədər canlanma müşayət olunur. Belə ki, Dövlət Proqramı çərçivəsində hər il Elektron Təhsil Müsabiqəsi keçirilir. Müsabiqədə iştirak etmək üçün Azərbaycan dilli tədris yönümlü oyunlar da hazırlanmışdır. Bunlardan bir neçəsi barədə məlumat verək.
Ağsfata rayon Böyük Kəsik kənd tam orta məktəbinin tarix müəllimi Mehdiyev Bəhruzun hazırladığı “Tarix labirintdə” tarix fənni üzrə ilk yaranmış tədrisyönümlü oyunlardan biridir. Oyun həm imtahan, həm də öyrətmə məqsədi üçün istifadə oluna bilər. Oyunun labirint adlanmasının əsas səbəbi onun strukturu ilə bağlıdır. Ola bilər ki, siz ilk sualdan sonra nəticədəki cavabı bilərsiniz. Ancaq oyunda qalib gəlmək üçün mütləq ardıcıl 5 suala cavab vermək lazımdır.
Ucar şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi Ülviyyə Əliyevanın hazırladığı “Azərbaycan erkən orta əsrlərdə” adlanan oyun yarış xarakterli interaktiv resursdur. Oyunda 5 kateqoriya üzrə 15 sual verilir, suallar çətinlik dərəcəsinə görə 3 yerə bölünür. Kateqoriyalar bunlardır: Coğrafiya, Hökmdarlar, Üsyanlar, Dövlətlər və Məntiq.
Başqa bir yarış xarakterli oyun Kürdəmir şəhər 1 saylı tam orta məktəbin müəllimi Gülbəniz İbrahimovanın hazırladığı “Tarix turniri” oyunudur. Bu oyun da 7-ci sinif üzrə yekun yoxlama aparmaq məqsədi ilə hazırlanıb. Azərbaycan tarixi, Orta əsrlər tarixi, Təkrar və Tarix:maraq və məntiq kateqoriyalarından ibarət olan bu oyunda şagirdlərə cavablablandırmaları üçün 40 sualla müraciət edilir.
Müsabiqəyə təqdim olunan Azərbaycan dilli tədris yönümlü oyunlardan biri də mənim hazırladığım “İpək yolu” oyunudur. 7-ci sinif üzrə yekun yoxlama məqsədi ilə hazırlanmış bu resurs trenajor xarakterlidir. Istifadəçiyə oyunda İpək yolu boyunca səyahət etmək təklif edilir. Çin, Göytürk, Ağ Hun, Sasani, Atropatena, Albaniya, Xəzər, Qərbi Hun, Bizans və Qərbi Roma İmperiyasının ərazilərindən keçərək Roma şəhərinə gəlməli olan səyyah yol boyu müəyyən maneələrə rast gəlir və bu maneələri dəf etmək üçün hal-hazırda olduğu ölkəyə aid verilmiş suala cavab verməlidir. İstifadəçi cavab düzgün olduqda yola davam edir, səhv olduqda isə yola əvvəldən başlamaq məcburiyyətində qalır.

Oyunların hər birini  musabiqe.az saytından yükləmək mümkündür.

Комментарии

Популярные сообщения из этого блога

Fənnin məzmunu

Taksonomiya

Tarix fənninin tədrisində debat ən səmərəli metodlardan biri kimi